1996-cı ilin yayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində NDU-da hüquqşünaslıq ixtisası açıldı. Həmin il hüquqşünaslıq ixtisasında əyani və qiyabi şöbələrə cəmi 50 nəfər tələbə qəbul olundu. 1997-ci ildən etibarən ölkənin hüquq-mühafizə orqanlarında və digər idarəetmə strukturlarında çalışan kadrların ali hüquq təhsili almasına şərait yaratmaq məqsədilə fakültənin qiyabi şöbəsində əlavə ali təhsilə cəlb edilməklə hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığına başlandı. Artıq 2000-ci ildə NDU-nun ilk hüquqşünas məzunları həyata vəsiqə aldılar.
Həmin illərdə universitet rəhbərliyinin yaxından dəstəyi sayəsində hüquqşünaslıq ixtisasının tədris strukturları formalaşdı. İlk illərdə Hüquqşünaslıq ixtisası tarix-filologiya fakultəsinin tərkibində idi. 1998-ci ildə hüquqşünaslıq ixtisasında təhsilin səviyyəsini yüksəltmək, onun təşkilini daha da yaxşılaşdırmaq məqsədi ilə bu ixtisas tarix fakultəsindən alındı və iqtisad fakultəsi ilə birləşdirildi. Beləliklə, 1999-cu ilin fevralında dosent Ağarza Rüstəmovun dekan olduğu iqtisad–hüquq fakultəsi təşkil olundu. Bir neçə il sonra istər tələbə kontingentinin sayı və maddi-texniki bazanın möhkəmlənməsi universitet rəhbərliyinə imkan verdi ki, müstəqil hüquqşünaslıq fakultəsini təşkil etsin. 2003-2004- cü dərs ilindən dosent Qərib Allahverdiyevin dekan seçildiyi müstəqil “Sosial idarəetmə və hüquq” fakultəsi yarandı.
Fakültə nəzdində fəaliyyət göstərən “Hüquq fənləri” kafedrasının ilk müdiri hüquq elmləri namizədi Fəxrəddin Nağıyev oldu. 2001-ci ilin mayından onu bu vəzifədə təcrübəli hüquqşünas, hüquq elmlər namizədi Nəcəf Orucov əvəz etdi. 2004-cü ilin may ayından isə kafedra müdirliyinə dosent Şükür Məmmədov seçilmişdir.8 iyun 2016-cı ildə Kafedra müdiri vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru,dosent Qəhrəman Novruz oğlu Behbudov seçilmişdir. 21 fevral 2022-ci ildə hüquq üzrə fəlsəfə doktoru,dosent Qəhrəman Novruz oğlu Behbudov ikinci dəfə bu vəzifəyə seçilmişdir.
02 Sentyabr 2024-cü il tarixdə Hüquq fənləri Kafedrası Xüsusi və ümumi hüquq olmaqla iki kafedraya ayrılmışdır. Qəhrəman Novruz oğlu Behbudov xüsusi hüquq kafedrasının müdiri olaraq qalmışdır.

