İncəsənət fakültəsi 11 dekabr 1998-ci ildə universitetin elmi şurasının qərarı ilə yaranmışdır. Əvvəlcə 3 kafedra ilə fəaliyyətə başlayan fakültə hazırda 7 kafedranı öz tabeliyində birləşdirir. Bu kafedralarda 75 nəfər müəllim, 8 nəfər tədrisə köməkçi heyət çalışır. Əməkdaşlarımızdan 1nəfər sənətşünaslıq elmləri doktoru, 6 nəfər sənətşünaslıq üzrə fəlsəfə doktoru, 4 nəfər pedoqogika üzrə fəlsəfə doktoru, 2 nəfər professor, 11 nəfər dosent, 1 nəfər Azərbaycan Respublikasının Xalq Rəssamı, 3 nəfər Azərbaycan Respublikasının Xalq artisti, 2 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 4 nəfər Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, 7 nəfər Azərbaycan Respublikasının Əməkdar artisti, 3 nəfər Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, 4 nəfər Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimidir.
Fakültədə aşağıdakı ixtisaslar üzrə bakalavr hazırlığı həyata keçirilir:
- Rəngkarlıq
- Təsviri incəsənət müəllimliyi
- Musiqi müəllimliyi
- İnstrumental ifaçılıq ( Xalq çalğı alətləri )
- İnstrumental ifaçılıq ( Fortepiano )
- İnstrumental ifaçılıq ( Simli alətlər )
- İnstrumental ifaçılıq ( Nəfəs alətləri )
- Solo oxuma
- Vokal sənəti (sahələr üzrə – Milli vokal)
- Vokal sənəti (sahələr üzrə – Xanəndə)
- Bəstəkarlıq
- Dirijorluq
- Aktyor sənəti
- Musiqişünaslıq
- İnstrumental ifaçılıq (Xalq çalğı alətləri) (qiyabi)
- Musiqişünaslıq (qiyabi)
- Dizayn (interyer)
Fakültədə tədris, təlim-tərbiyə işləri Azərbaycan Respublıkası Təhsil Nazirliyi və Universitet rəhbərliyinin qarşıya qoyduğu tələblər əsasında həyata keçirilir.
Fakültədə TEC xətti ilə dövrün aktual problemlərinə həsr olunan mövzularla bağlı müəllimlər tələbələrə rəhbərlik edir, onları elmi yöndə düzgün istiqamətləndirirlər. Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə fakültədə vaxtaşırı intellektual oyunlar keçirilir ki, bu da tələbələrimizin dünyagörüşünün artırılmasına kömək edir.
Hər il sentyabr ayının 18-də Milli musiqi günü, Azərbaycan bəstəkarlarının yubileyləri qeyd olunur, bütün əlamətdar günlərə aid tədbirlər hazırlanır. Müəllim və tələbələrimiz Naxçıvan Muxtar Respublikasının demək olar ki, bütün incəsənət yönümlü tədbirlərində istər iştirakçı, istərsə də tamaşaçı qismində yaxından iştirak edirlər.
Fakültə tabeliyində olan kafedralar ənənəvi olaraq hər il hesabat konsertləri keçirir. Bu konsertlərin məqsədi tələbələrin qabiliyyətinin üzə çıxarılması, onların yaxşı ixtisaslı kadr kimi formalaşmasına və səhnə davranışının inkişaf etməsinə diqqəti artırmaqdır.
Fakültədə fəaliyyət göstərən tələbə və müəllimlərdən ibarət Kamera orkestri, Xalq çalğı alətləri ansamblı, eyni zamanda müxtəlif tərkibli ansambllar, “Mahur” rəqs qrupu, xor, Şən və Hazırcavablar klubu, Tələbə Teatr Studiyası tələbələrin bacarıq və istedadlarını üzə çıxarmağa geniş imkan yaradır. Musiqi qruplarımız tez-tez Türkiyə Respublikasının müxtəlif şəhərlərində konsert proqramı ilə çıxış edir.
Fakültədə tez-tez istedadlı gənclərin solo konsertlərinin, müəllimlərin sinif konsertlərinin, tələbələrin əl işlərindən ibarət sərgilərin, məzun sərgilərinin keçirilməsi də fakültənin iş qrafikinə daxildir.
Tələbələrin biliklərini daha da artırmaq məqsədilə paytaxtda fəaliyyət göstərən ali musiqi təhsil ocaqlarından ustad dərsləri üçün professor-müəllimlər dəvət olunur.
Universitetimizin xarici ölkə universitetləri ilə olan əlaqələri müəllim və tələbə mobilliyinə imkan verir ki, bu əməkdaşlıqdan İncəsənət fakültəsinin müəllim və tələbələri də yararlanır. Tələbələrimiz 1 və ya 2 semestr müddətinə xarici ölkə universitetlərində təhsillərini davam etdirir, öz bilik dairəsini genişləndirərək gələcək karyeraları üçün mühüm nailiyyət əldə edirlər.

