Naxçıvan Dövlət Universitetində Xarici dillər fakültəsi müstəqil olaraq 2020-ci ildən fəaliyyətə başlamışdır. Əvvəlki adı “Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi” olan bu fakültənin tarixi çoxşaxəlidir. Belə ki, ilkin olaraq, 1998-1999-cu tədris ilində Tarix-Filologiya fakültəsinin nəzdində İngilis və Fransız dili ixtisasları, 2000-2001-ci tədris ilində Alman dili, 2001-2002 -ci tədris ilində Rus dili, 2003-2004 -cü tədris ilində isə Ərəb dili ixtisasları üzrə kadr hazırlığına başlanmışdır. 2006-cı ildən etibarən isə Tarix-Filologiya fakültəsinin nəzdindən ayrılaraq, Xarici dillər fakültəsi kimi fəaliyyətini davam etdirmişdir. 2007-2008-ci tədris ilində fakültədə yeni bir ixtisas olan Fars dili ixtisası üzrə kadr hazırlığına başlanmışdır. 2008-ci ildən 2020-ci ilə qədər Beynəlxalq münasibətlər və Xarici dillər fakültəsi kimi fəaliyyət göstərmişdir.
Xarici dillər fakültəsi tabeliyində 4 kafedra fəaliyyət göstərməkdədir: “İngilis dili və tərcümə”, “İngilis dili və metodika”, “Roman-German dilləri”, “Rus və Şərq dilləri”. Fakültədə professor-müəllim heyətinin sayı 57-dir. Onlardan 11 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 15 nəfəri baş müəllim, 31 nəfəri isə müəllimdir. Fakültədə Xarici dil müəllimliyi: ( İngilis dili), (Fransız dili), (Alman dili), (Rus dili) və Tərcümə: (İngilis -Azərbaycan dilləri) , (Ərəb-Azərbaycan dilləri) , (Fars- Azərbaycan dilləri) ixtisasları üzrə bakalavr hazırlığı həyata keçirilir.
Fakültənin müasir tələblərə cavab verən maddi-texniki bazası mövcuddur. Burada 80 yerlik iclas zalı, 80 yerlik auditorium, elektron kürsülü auditoriya, ən müasir avadanlıqlarla təchiz olunmuş komputer otağı, 2 linqafon kabinəsi və elektron lövhələrlə təchizatlandırılmış auditoriyalar mövcuddur. Hal-hazırda Xarici dillər fakültəsində 9 mərkəz fəaliyyət göstərməkdədir: ”Tədris-metodiki mərkəz” “Sinxron tərcümə mərkəzi” ,“Fransız dili ”, “İngilis dili ” , “Alman dili ”, “Rus dili ”, “Ərəb dili”, ”Fars dili ” mərkəzləri və “Tərcümə mərkəzi”. Tərcümə mərkəzində müvafiq 6 dildə tərcümələr aparılır. Yuxarıda adları sadalanmış dil mərkəzlərində tələbələrlə dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Dil mərkəzləri bədii əsərlər , professor-müəllim heyətinin elmi nəaliyyətləri , dərs vəsaitləri ilə təchiz olunmuşdur ki, tələbələr istədikləri vaxt bu vəsaitlərdən yararlana bilərlər.
Fakültədə Xarici ölkə ədəbiyyatı kabinəsi mövcuddur. Əsasən, İngilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri tələbələrin dərsdən kənar mütailələri, fəaliyyətləri üçün olduqca faydalıdır.

